İtaliya A seriyasında 87 ilin rekordu qeydə alınıb - VİDEO

İtaliya A seriyasında 87 ilin rekordu qeydə alınıb - VİDEO

İtaliya A seriyasının hesabat turunda “Bolonya”nı qəbul edən “Atalanta” məhsuldarlıq rekorduna imza atıb.

4:1 hesabı ilə qalib gələn Berqamo təmsilçisi bütün qollarını ilk 15 dəqiqədə vurub.

Bu, A seriyası üçün son 87 ilin mütləq rekordudur. İlk 15 dəqiqədə 4 və daha çox qolun vurulmasına sonuncu dəfə 1932-ci ildə təsadüf olunub.

Həmin il martın 6-da “Roma”nı qəbul edən “Yuventus” 15-ci dəqiqəyədək qonaqları dörd dəfə məyus edib. Görüş isə turinlilərin 7:1 hesablı qələbəsi ilə başa çatıb.

“Bolonya”nın qapısına iki qol vuran Yosip İliçiç dublunu ilk 5 dəqiqədə rəsmiləşdirib. O, 3-cü və 5-ci dəqiqələrdə qol sevinci yaşayıb. A seriyasında sonuncu dəfə erkən dubl 18 il əvvəl yaşanıb. 2001-ci ilin dekabrında “Parma”nın hücumçusu Marko di Vayo “Udineze”ni 1-ci və 4-cü dəqiqələrdə topu qapıdan çıxarmağa vadar edib. Həmin dubl 3:2 hesablı qələbədə rol oynayıb.

Facebook