İsveçdən Türkiyəyə mesaj: PKK məsələsində razıyıq

İsveçin xarici işlər naziri Ann Linde ölkəsinin Türkiyəyə qarşı konstruktiv yanaşma nümayiş etdirdiyini bildirib.
Operativ.tv CUMHURİYET-ə istinadən xəbər verir ki, İsveç xarici işlər naziri Ann Linde gündəmlə bağlı qiymətləndirmələr edib.
Ann Linde bildirib ki, NATO-ya üzvlüklə bağlı Türkiyədən hələlik müsbət siqnal almaq mümkün deyil.
Türkiyənin hazırkı vəziyyətdə İsveçin NATO üzvlüyünü təsdiq edə bilməsi ilə bağlı Linde, "O qədər uzağa gedəcəyimizi düşünmürəm, lakin konkret addımlar atmaq üçün açıq imkanlar var" deyib.
Linde həmçinin İsveç və Finlandiya nümayəndə heyətlərinin Türkiyə ilə danışıqlarda konstruktiv rəftarla masa arxasında olduqlarını, danışıqların gərgin və sərt şəkildə davam etdiyini də əlavə edib.
Ann Linde, ölkəsinin terror təşkilatı PKK mövzusunda Türkiyə ilə həmfikir olduğunu müdafiə edərək, “PKK ilə bağlı eyni fikirdəyik və bu səbəbdən Türkiyə danışıqlarımızda ciddi olduğumuzu gördü” deyib.
Linde tərəflər arasında mövcud olan fərqli fikirlərə baxmayaraq, nəticədə razılığın əldə olunacağına ümid etdiyini bildirib.
Linde həmçinin, "Bütün danışıqlarda olduğu kimi, bəzi mövzularda fərqli baxışlarınız olduğunu ifadə edə bilərsiniz. Ancaq yenə də bir-birinizin fərqli fikirləri ilə razılaşa bilərsiniz" deyib.