İsrailin müdafiə naziri Bakıya rəsmi səfərə gəlib

Operativ.tv Turan-a istinadən xəbər verir ki, oktyabrın 3-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin müdafiə naziri Benyamin Qantsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Həsənov qonaqları salamlayaraq iki ölkə arasında tərəfdaşlığın yüksək səviyyədə olmasının təkcə dövlətlərimizin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edib.

Səmimi görüşə görə təşəkkürünü bildirən cənab Qants isə öz növbəsində hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edərək bu cür görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif ixtisaslı hərbi mütəxəssislər səviyyəsində işçi görüşlərin təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Bu barədə müdafiə nazirliyinin xəbərində deyilir.