İsrail Fələstinin BMT-yə tam üzvlüyünə imkan verməyəcəyini bildirib

 İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan Fələstin prezidenti Mahmud Abbasın BMT-dəki çıxışını “xəyal və yalanlarla dolu” adlandıraraq, Təl-Əvivin Fələstinin Birləşmiş Millətlər Təşkilatına tamhüquqlu üzvlüyünə mane olmağa çalışacağını deyib.

Operativ.tv SalamNews-a istinadən bu barədə “İsrailin rəsmi Yayım Korporasiyası” və “Yediot Ahronot” qəzetindən xəbər verir.

Məlumatda deyilir ki, İsrailin BMT-dəki nümayəndəsi Fələstin Muxtariyyətinin liderinin çıxışını kəskin tənqid edib və deyib: “Yalanlarla dolu və reallıqdan qopmuş uydurma çıxışında Əbu-Mazen bir daha sübut etdi ki, vaxtı bitib."

O, əlavə edib: “Dəfələrlə (Fələstin başçısı) Birləşmiş Millətlər Təşkilatının tribunasından maliyyələşdirdiyi terrorçuları dəstəkləmək və İsrailə qarşı qızışdırmaq üçün istifadə edir”.

Erdan Fələstinin Birləşmiş Millətlər Təşkilatına tamhüquqlu üzvlük əldə etmək üçün atdığı addımın qarşısını alacağına söz verdiyini deyib.

Qeyd edək ki, cümə günü səhər saatlarında Fələstin lideri Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 77-ci sessiyasında etdiyi çıxışda ölkəsinin Birləşmiş Millətlər Təşkilatına tamhüquqlu üzv olmaq yolunda irəliləməkdə olduğunu bəyan edib.

Xatırladaq ki, İsrail Fələstinin ərazisi olan İordan çayının qərb sahilini 1967-ci ildə işğal edib və Qəzzanı da mühasirədə saxlayır. İsrail işğal etdiyi ərazilərdə 250-dən çox yəhudi yaşayış massivi salıb. Bu işğala görə yeddi milyon fələstinli indi digər ərazilərdə qaçqın vəziyyətində yaşayır. BMT TŞ-nın 242-ci qətnaməsi İsraildən bu ərazilərdən çıxması tələb edir.