"İşgəncələrə son qoyulsun!" adlı ictimai kampaniya başlayır

Repressiya və İşgəncələr Əleyhinə Komitə "İşgəncələrə son qoyulsun!” adlı 10 günlük ictimai kampaniyaya başlayır.
 
Bu barədə komitənin əlaqələndiricisi Oqtay Gülalıyev məlumat yayıb.
 
Oqtay Gülalıyev bildirib ki, başlanan kampaniya vətəndaşlardan daxil olan müraciətlər əsasında və problemin vacibliyi nəzərə alınaraq keçirilir:
 
"Kampaniyanın keçirilməsi üçün vətəndaş cəmiyyəti fəalları – Eldəniz Quliyev, Namizəd Səfərov, Əlövsət Sadıqlı, Oqtay Gülalıyev, Nigar Həzi, Rövşən Əhmədli, İradə Nəriman, Zəfər Əhmədov və Nəsir Əliyevdən ibarət təşkilat komitəsi yaradılıb. Təşkilat Komitəsi qoşulmaq istəyənlər üçün açıqdır. Kampaniyanın başlaması və kampaniya çərçivəsində nəzərdə tutulan tədbirlər barədə oktyabrın 29-da saat 14.00-da təşkilat komitəsi üzvlərinin mətbuat konfransında rəsmi məlumat veriləcək”.
 
Demokratik Qüvvələrin Milli Şurasının 19 oktyabr aksiyasında həbs olunan AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının üzvü Tofiq Yaqublu və onun oğlu Rəhim Yaqublu işgəncəyə məruz qaldıqlarını qeyd ediblər.
 
Tofiq Yaqublunun qızı Nigar Həzi və vəkili Nemət Kərimli oktyabrın 23-də yaydıqları açıqlamada ona Nəsimi rayon Polis İdarəsində işgəncə verdiklərini bildiriblər.