İşğaldan azad olunmuş zonaya icazəsiz getmək qadağan edilir

“Qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək”

Fevralın 8-də Tərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu xəsarət alıb.

Məlumatı Müdafiə Nazirliyi verib.

Xəbərə görə, yaralılar ilkin tibbi yardım göstərildikdən sonra hospitala təxliyə edilib:

“Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır. Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur”.

Fevralın 9-da Baş Prokurorluq atəşkəs sazişindən sonra minaya düşən Azərbaycan vətəndaşları ilə bağlı da məlumat yayıb. Məlumatda həmçinin, ölkə vətəndaşlarına işğaldan azad olunmuş ərazilərə icazəsiz getməmələri ilə bağlı xəbərdarlıq edilir.

Açıqlamada qeyd edilir ki, bu günədək işğaldan azad edilmiş ərazilərdə 5 hərbi qulluqçu, 9 mülki şəxs həlak olub. 52 hərbi qulluqçu, 8 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:

“Minalardan təmizləmə işi başa çatmadan işğaldan azad olunmuş ərazilərə səfər edən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək”.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşmada Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Döyüşlər zamanı Azərbaycan tərəfdən 2 min 855 hərbi qulluqçunun həlak olduğu açıqlanıb. Ermənistan tərəf isə 3 mindən artıq hərb qulluqçusunun həlak olduğunu, 2 mindən artıq hərbçisinin isə itkin olduğunu açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.