İrəvandakı "Surmalu" bazarının anbarında yanğın davam edir

Ermənistanın fövqəladə hallar naziri Armen Pambuxçyan İrəvandakı “Surmalu” topdansatış ticarət mərkəzində baş vermiş partlayışdan sonra ərazidəki son durumu açıqlayıb.

Operativ.tv Report-a istinadən xəbər verir ki, nazirin sözlərinə görə hazırda 18 nəfərin axtarışı davam etdirilir.

Yaralananlardan 23-ü müxtəlif xəstəxanalara yerləşdirilib.

Pambuxçyan qeyd edib ki, anbarda hələ də pirotexniki materiallar, eləcə də tez alışan plastik məmulatlar qalır: “Bir neçə gün ərzində yanğınlar baş verə bilər, xilasedicilər buna hazırdır. Hazırda yalnız anbarın ərazisi yanır, qalan ərazilərdə yanğın söndürülüb. Xilasedicilərin işinə gəlincə, dünən hadisə yerində 350 nəfər işləyirdisə, hazırda onların sayı 70-ə yaxındır”.

Nazir həmçinin söyləyib ki, 7 xilasedici müxtəlif dərəcəli bədən xəsarəti alıb: “Onlardan 2-si xəstəxanaya yerləşdirilib, digərlərinə yerindəcə tibbi yardım göstərilib”.

Qeyd edək ki, avqustun 14-də “Surmalu” ticarət mərkəzində güclü partlayış və yanğın nəticəsində 6 nəfər ölüb.