İraqda partiyalar ölkədə siyasi böhranın bitməsi üçün təcili toplantı keçirirlər

Bu gün, çərşənbə İraqın siyasi qüvvələri hökumət sarayında baş nazir Mustafa Əl-Kaziminin dəvəti ilə ölkədəki böhranı həll etmək üçün toplantıya başlayıblar. Lakin Müqtəda Sədrin rəhbərlik etdiyi cinah bu toplantıya qatılmayıb.

Operativ.tv SalamNews-a istinadən məlumat verir ki, siyasi blokların liderlərinin görüşü baş nazirin dəvəti ilə hökumət sarayında başlayıb.

Lakin Sədr hərəkatının lideri Müqtəda əs-Sədr qısa bir bəyanat dərc edərək deyib: “Sədr hərəkatının heç bir siyasi nümayəndəsi baş nazirin çağırış etdiyi siyasi dialoqa nə birbaşa, nə də dolayı yolla qatılmayacaq.”

Qeyd edək ki, ötən çərşənbə günü İraqın baş naziri Mustafa Əl-Kazimi siyasi partiyaları ölkədəki siyasi böhranı və fikir ayrılıqlarını həll etmək üçün dialoqa çağırmışdı.

Eksperlər Sədr cinahı olmadan İraqda digər cinahların siyasi böhranı həll edə bilməsinə şübhə ilə yanaşırlar. Sədr cinahı növbədənkənar seçkilərə çağırıb. Baxmayaraq ki, ötən ilki parlament seçkilərinin nəticələrinə görə öndə gedən Sədr cinahı hökuməti formalaşdırmaqda aciz qalıb.