İranın Qarabağla bağlı xüsusi elçisi Bakıdan sonra Moskvaya getdi

İran prezidentinin Qarabağ nizamlanması üzrə xüsusi elçisi və İslam Respublikası xarici işlər nazirinin müavini Abbas Arakçı oktyabrın 28-də Bakıya gəlib. 
 
Bu barədə "İRNA" xəbər agentliyi məlumat yayıb.
 
Məlumata görə, Həsən Ruhaninin xüsusi elçisi Azərbaycan hakimiyyətinə münaqişənin həlli üçün Tehranın hazırladığı planı təklif edəcək. 
 
Abbas Arakçı bildirib ki, Azərbaycan torpaqlarının işğalına son qoyulması, insan hüquqlarının qorunması İranın planının əsas şərtləridir. 
 
Arakçı Tehranın irəli sürdüyü planın "mərhələlərlə həyata keçirilə biləcəyinə" diqqət çəkib. 
 
O, Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların dayandırılmasını və "nüfuzlu ölkələrin” iştirakı ilə danışıqların başlanmasını İranın planı çərçivəsində etdiyi başqa bir təklif olduğunu bildirib. 
 
İran Xarici İşlər Nazirinin müavini İran və Azərbaycanın iki dost ölkə olduğunu və Tehranın Bakının "işğal olunmuş torpaqlarını və şəhərlərini azad etmək" cəhdlərini dəstəklədiyini deyib. 
 
"RİA Novosti" isə xəbər verir ki, oktyabrın 29-da İranın xüsusi elçisi Moskvaya səfər edib. 
 
Arakçı ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin həllində təsirsiz olduğunu və İranın öz planını təklif edəcəyini söyləyib.
 
Onun Bakı və Moskva ilə yanaşı, Yeravan və Ankaraya da səfər edəcəyi gözlənilir.