İranın nüvə danışıqlarına təklifləri Qərbi ‘məyus və nigaran’ edib

Bəyanatda bildirilir ki, “Tehran uzun aylar ərzində əldə olunmuş çətin kompromislərin az qala hamısından geri çəkilir”

Avropanın vəzifəli diplomatları 2015-ci il nüvə sazişinin dirçəldilməsi üçün Vyanada aparılan danışıqların son beş gününün yekunlarından “məyus və nigaran” qaldıqlarını bildiriblər.

İran və nüvə sazişinin tərəfləri olan Britaniya, Fransa, Almaniya, Çin və Rusiya noyabrın 29-da beş aylıq fasilədən sonra danışıqları bərpa etmişdilər.

ABŞ bu danışıqlarda Avropa İttifaqının vasitəçilyi ilə iştirak edir.

Diplomatlar rəsmi adı Birgə Hərtərəfli Hərəkət Planı olan bu sazişi dirçəltməyə çalışırlar.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə ölkəsini bu sazişdən çıxardıqdan sonra İran üzərinə sanksiyalar bərpa olunub və Tehran da öz növbəsində saziş üzrə öhdəliklərindən geri çəkilib.

ABŞ prezidenti Co Bayden Ağ Evə gəldiyi vaxtdan ölkəsinin yenidən 2015-ci il sazişinə qoşulmaq niyyətini bildirib.

İran bütün kompromislərdən geri çəkilir

Bundan əvvəl İran bildirmişdi ki, Vyana danışıqlarının iştirakçılarına iki təklif verib.

Lakin E3 qrupu kimi tanınan Britaniya, Fransa və Almaniya diplomatları bu təkliflərlə tanışqlıqdan sonra “məyusluq və nigaranlıqlarını” bildiriblər.

Onlar deyiblər ki, İran bu təkliflərlə bundan əvvəl danışıqların 6 raundu ərzində razılaşdırılmış saziş mətninin dəyişdirilməsini istəyir.

London, Paris və Berlinin dekabrın 3-də verilmiş bəyanatında deyilir ki, İran mətnə “çox böyük dəyiyişkliklər” təklif edir və bunlardan bəziləri 2015-ci il sazişinin müddəalarına ziddir.

Bəyanatda bildirilir ki, “Tehran uzun aylar ərzində əldə olunmuş çətin kompromislərin az qala hamısından geri çəkilir”.

Bundan sonra nə olacaq?

E3 diplomatları bildiriblər ki, bu dəyişikliklərin real vaxt çərçivəsində həyata keçirilməsinin özü də problem yaradır.

Diplomatlar deyirlər ki, nümayəndə heyətləri öz paytaxtlarına qayıtmalı, vəziyyəti qiymətləndirməli və gələn həftə danışıqlara başlayıb-başlamamaq barədə rəhbərliyin təlimatını almalıdırlar.

Avropa İttifaqından Vyana danışıqlarına sədrlik edən Enrik Mora deyib ki, danışıqlar gələn həftə davam etdiriləcək.

İranın yarımrəsmi ISNA xəbər agentliyi yazır ki, danışıqlar böyük bir ehtimalla dekabrın 6-da bərpa olunacaq.

Dekabrın 2-də ABŞ dövlət katibi Entoni Blinken İrana nüvə sazişinə qayıtmaq üçün hələ vaxt qaldığını demişdi:

“Amma deməliyəm ki, hazırkı hərəkətlər, hazırkı ritorikalar nikbinlik üçün çox da əsas vermir. Vaxt geciksə də, hələlik İranın kursunu dəyişməsi üçün o qədər də gec deyil”.

 

AzadlıqRadiosu