İranda son etiraz və iğtişaşlarda saxlanılanlardan daha 400 nəfər sərbəst buraxılıb

 İranda son həftələrin etiraz və iğtişaşlarında saxlanılanlardan daha 400 nəfər sərbəst buraxılıb. Onlar Ayətullah Xameneinin son çıxışından sonra azad ediliblər.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bunu Tehranın “İnqilab Məhkəməsi”nin prokuroru Əli Salehi deyib.

Tehranda bir sıra həbsxanalara baş çəkdiyini deyən Əli Salehi İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xameneinin gənclərin aldanılması ilə bağlı son sözlərini sitat gətirib və böyük əksəriyyəti gənclər olmaqla daha 400 nəfərin sərbəst buraxıldığını bildirib.

Qeyd edək ki, İran KİV-lərinin məlumatına görə, Təbriz Universitetində saxlanılan tələbələr də sərbəst buraxılıblar.

Xatırladaq ki, Ayətullah Xamenei son çıxışında iğtişaşlarda saxlanılanlar arasında fərq qoyulmasını, xüsusilə də dezinformasiyaya və yalançı təbliğata aldanmış gənclərin buraxılmasını istəmişdi.