İran kriptovalyutalardan qanuni istifadə hallarını açıqlayıb

İranda kriptovalyuta satmaq və ya almaq qanunsuzdur.

Operativ.tv SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu televiziyada çıxış edən İran Mərkəzi Bankının rəhbəri Əli Salehabadi bildirib.

"Bununla belə, rəqəmsal valyutaların çıxarılması və idxal məqsədləri üçün istifadə edilməsi qanunidir. İranda kriptovalyutaların satışı və alınması və ya investisiya üçün istifadə edilməsi qadağandır. Kriptovalyutalarla bağlı administrasiyanın iki il əvvəl qəbul etdiyi qaydalar var. Yalnız rəsmi icazəsi olan şəxslər idxal üçün rəqəmsal valyutalarla işləyə bilər. Mərkəzi Bank tərəfindən buraxılan və milli əskinasları əvəz edəcək yerli kriptovalyuta olan "kripto-rial və ya rəqəmsal rial"ın təqdim edilməsi məsələsi planlarımız daxilindədir", deyə Salehabadi bildirib. 

Çərşənbə axşamı ticarət nazirinin müavini bildirib ki, İran ödəniş üsulu kimi kriptovalyutadan istifadə edərək ilk idxal sifarişini qeydə alıb.