İran Əfqanıstanda bütün tərəflərlə dialoqdadır

 İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təhti Rəvançi dünən deyib: İran İslam Respublikası son 40 ildə Əfqanıstan xalqını dəstəkləmək üçün əlindən gələni edib və bu, İran hökumətinin İslam İnqilabı Rəhbəri tərəfindən təsdiq edilmiş rəsmi siyasətidir.

BMT səfiri deyib: Əfqanıstan misli görünməmiş humanitar böhranla üz-üzədir. BMT-nin hesabatlarına görə, 24 milyondan çox insanın humanitar yardıma ehtiyacı var və əhalinin yarısı mütləq aclıqla üzləşib. 9 milyondan çox insan didərgin düşüb. Vəziyyət nəzarət altına alınmasa, bu, ölkənin sosial-iqtisadi çöküşünə səbəb ola bilər.

İranın Əfqanıstana ərzaq, dərman və tibbi avadanlıq kimi əsas mallar da daxil olmaqla çoxlu sayda humanitar yardım göndərdiyini bildirən Təhti Rəvançi, "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra İranın artıq sərhədlərini açıq saxladığını bildirib. “Həmçinin Əfqanıstanda terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq, ən əsası isə qadın və qızlar da daxil olmaqla bütün əfqanların hüquqlarının təşviqi və müdafiəsini təmin etmək üçün səylər göstərilməlidir.

Bu məqsədlərə nail olmaq üçün İran Taliban da daxil olmaqla Əfqanıstandakı bütün tərəflərlə əlaqə saxlamağa davam edəcək və bu yaxınlarda yüksək səviyyəli Taliban nümayəndə heyətinə ev sahibliyi edib. “Biz Əfqanıstanda davamlı sülh, təhlükəsizlik və sabitliyə töhfə vermək üçün Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla, regional və beynəlxalq tərəfdaşlarımız, eləcə də Əfqanıstanın qonşuları ilə məsləhətləşmələri davam etdirəcəyik”.