İran Azərbaycan Respublikası prezidentinin son çıxışına münasibət bildirib

İran rəsmiləri Azərbaycan Respublikası prezidentinin MDB Dövlət Başçılarının Şurasındakı çıxışına münasibət bildiriblər.

SalamNews İRNA-a istinadla xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə prezident İlham Əliyevin ötən günkü çıxışına və orada İranla bağlı bəyan etdiyi fikirlərə münasibət bildirib.

O deyib:

“Media müstəvisində belə bir ittihamları ünvanlamaq, sionist rejiminin mənafeyinin təmin edilməsi, İran və Azərbaycan xalqlarının qardaşlıq əlaqələrinə təsir göstərmək istiqamətində həyata keçirilir...Ötən 40 ildə İran İslam Respublikası bu məşum məsələ (narkotik maddələr) ilə mübarizədə minlərlə şəhid və yaralı verib. Bu, İranın qeyd edilən yolda səylərinin bir hissəsidir ki, dəfələrlə aidiyyatı beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənib...Təəssüflər olsun belə nəzərə çarpır ki, müxtəlif təmaslarda Bakıdan aldığımız müsbət mesajlara rəğmən, media müstəvisində əsassız açıqlamaların bilərəkdən deyilməsi mövcuddur ki, lazımi cavablar da öz yerində veriləcək.”

Bunun ardından İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani də məsələyə münasibət bildirib.

O, rəsmi tvitter səhifəsində belə yazıb:

“Qonşuluq öhdəlikləri və normalarına diqqətsizlik, qeyri-münasib və yalan açıqlamaların verilməsi xoş niyyətin və tədbirli olmağın əlaməti deyil. Dünya ictimaiyyətinin narkotiklə mübarizədə qəhrəman adlandırdığı ölkəni bu məsələdə ittihamlandırmaq, deyənin sözünün etibarsız olmasından başqa bir şey deyil. Şeytanların, əziyyətli tələləri ilə bağlı ehtiyatlı olun.”

Qeyd edək ki, prezident İlham Əliyev ötən gün MDB Dövlət Başçılarının Şurasındakı çıxışında deyib:

“Azərbaycan-İran sərhəddinin digər hissələrində tərəfimizdən qarşısı alınan heroinin həcmi əvvəlki illərin analoji dövrü ilə müqayisədə 2 dəfə artıb. Bu ondan xəbər verir ki, təxminən, 30 il ərzində Ermənistan İran ilə əlbir olaraq işğal edilmiş ərazilər vasitəsilə Avropaya narkotik vasitələrin daşınmasını həyata keçirib...İşğal dövründə dəfələrlə bəyan etmişdim ki, işğal altında olan ərazilər narkotik vasitələrin daşınması və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir. İndi bu, artıq sübut edilmiş faktdır”.