İordaniya İsraillə hərbi müttəfiqliklə bağlı xəbərlərə münasibət bildirib

“İsrailin də daxil olacağı bir hərbi ittifaqdan söhbət gedə bilməz. İordaniya ərəb ölkələrinin birgə səylərinin tərəfdarıdır.”

Operativ.tv SalamNews -a istinadən xəbər verir ki, bunu İordaniyanın xarici işlər naziri Əyman Əs-Safadi Əlcəzirəyə müsahibəsində deyib.

İordaniya XİN rəhbəri krallığın İsrailin də olduğu hərbi ittifaqa girmək niyyəti ilə bağlı xəbərləri təkzib edib və bildirib ki, ölkəsi ərəb ölkələrinin birgə fəaliyyətinin tərəfdarıdır.

O, Co Baydenin Yaxın Şərqə səfərində İsrail və ərəb ölkələrinin birgə hərbi ittifaq yaratması haqda deyilənlərin doğru olmadığını bildirib.

İordaniyanın xarici işlər naziri həmçinin bildirib ki, ölkəsi İranla yaxşı əlaqələrin tərəfdarıdır və gərginliyi yaradan səbəblərin aradan qaldırılmasını istəyir.

Qeyd edək ki, bundan öncə İordaniya kralı Yaxın Şərqdə NATO-ya bənzər hərbi ittifaqın yaradılmasının tərəfdarı olduğunu demişdi.