İmtahana buraxılmayan abituriyentlərin taleyi necə olacaq?

Koronavirus infeksiyasının Azərbaycanda ən çox təsir göstərdiyi sahələrdən biri təhsildir. Martın 13-dən tətbiq olunan karantin rejimi ilə əlaqədar Azərbaycanda bütün təhsil müəssisələrində tədris dayandırıldı. Təcrid rejiminin təhsil alanlar üçün ən həssas mərhələyə – buraxılış və qəbul imtahanları keçirildiyi dövrədək uzanması vəziyyəti bir az da çətinləşdirib. Belə ki, dərs ilinin yarımçıq dayanması bir yana, yeni qaydalar 11 illik təhsilini başa vuraraq ali məktəblərə qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün əsl baryer rolunu oynayır. Nazirlər Kabineti yanında Opreativ Qərargahın qərarlarına uyğun olaraq, Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin birgə müəyyən etdiyi qaydalara əsasən, bu il buraxılış və qəbul imtahanlarında iştirak edən şagird və abituriyentlər ailə üzvləri arasında son 15 gün ərzində koronavirusa yoluxma olmaması barədə bəyannamə imzalamalıdırlar. Ailəsində koronavirusa yoluxma halı olan şəxslər buraxılış və qəbul imtahanlarında iştirak edə bilməz. Üstəlik, pandemiya şəraitinə görə, bu il iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Eyni zamanda, imtahan günü hər bir imtahan iştirakçısının hərarəti yoxlanılır, yüksək hərarəti olan şəxslər imtahan zalına buraxılmır. Belə şəxslər üçün sentyabr ayında ayrıca imtahanların keçirilməsi nəzərdə tutulur və onlar payızda yekun qiymətləndirmədən sonra attestat ala biləcəklər. Amma həmin abituriyentlər bu il ali məktəblərə qəbul olmaq üçün imtahan verə bilməyəcəklər.

Bəs, 11 il təhsil almış və gələcəyə ümid bəsləyərək buraxılış və qəbul imtahanlarına hazırlaşan şagirdlər üçün müəyyən edilmiş bu qaydalar nə dərəcədə doğrudur? Xüsusilə ali məktəblərə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər qarşısında baryer rolunu oynayan bu qadağaları yumşaq tələblərlə əvəz etmək mümkün deyildimi?

Bəri başdan xatırladaq ki, yumşaq karantin rejiminin tətbiq olunduğu ayrı-ayrı şəhər və rayonlarda iyun ayının geridə qalan dövründə 4 dəfə imtahan keçirilib. Pandemiya şəraitinin tələblərinə əsasən, həmin imtahanlarda iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub. Bütün imtahan binaları dezinfeksiya edilib və sanitar-gigiyenik tələblərə uyğun sərt rejim tətbiq edilib. İyunun 10-da keçirilən imtahanda 20-dək, iyunun 11-də 5, iyunun 18-də 4, iyunun 19-da isə 3 şagirdin (abituriyentin) hərarəti yüksək olduğu üçün binadakı təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq, onlar imtahana buraxılmayıb.

Beləliklə, DİM-in iyunun 10-dan 19-dək (həmin gün keçirilən imtahan da daxil olmaqla) təşkil etdiyi imtahanlarda 32 abituriyent bədən hərarəti yüksək olması səbəbindən imtahanlara buraxılmayıb.

Təhsil eksperti Rafiq İsmayılov “Press Klub”a şərhində bildirdi ki, indiki həssas dövrdə bütün dünyada olduğu kimi, Azərbaycanda da əhalinin sağlamlığının qorunması naminə müəyyən məhdudlaşdırıcı tədbirlər məcburiyyətdən yaranır. Amma o, buraxılış və qəbul imtahanlarında iştirakla bağlı tətbiq olunan məhdudlaşdırmaları müsbət qiymətləndirmir:

“Karantin rejimi dövründə müəyyən məhdudlaşdırıcı tədbirlərin tətbiqi normal haldır. Lakin bu qaydalar fundamental məsələlərə aid edilməməlidir. Təhsilin bir pilləsindən digər pilləsinə keçid fundamental məsələ olduğundan karantin qaydaları insanların təhsil hüququndan məhrum edilməsinə gətirib çıxarmamalıdır. Nəzərə almaq lazımdır ki, burada ilk növbətə insan taleyindən söhbət gedir və əgər 11 illik təhsili başa vurub ali məktəblərə imtahan verəcək abituriyentlərin müəyyən hissəsi bu hüquqdan məhrum edilirsə, onlar üçün alternativ imkanlar yaradılmalıdır”.

 

11 illik təhsil koronavirusa qurban verilir

R.İsmayılov hesab edir ki, belə alternativlərdən biri imtahanlara buraxılmayan abituriyentlər üçün fərdi qaydada ayrıca imtahanların təşkili ola bilər. Onun fikrincə, imtahandan kənarda qalan uşaqların sayı çox azdır və həmin abituriyentlər üçün fərdi imtahan təşkil etmək DİM üçün elə də çətin iş deyil:

“İstənilən halda 11 il orta məktəbdə təhsil almış və müəyyən akademik nəticələrə nail olmuş abituriyentlərin zəhmətini koronavirusa qurban vermək olmaz. Ailə üzvləri koronavirusa yoluxmuş, yaxud da imtahan günü yüksək hərarət səbəbindən imtahanlardan kənar qalan uşaqlar üçün mütləq xüsusi şərait yaradılmalıdır. Ən azından belə uşaqların imtahan verməsi üçün xüsusi sinif otaqları, auditoriya da ayırmaq olar. DİM ümumi qəbul prosesini başa çatdırandan sonra bu məsələyə baxmalı, koronovirusla əlaqədar tələbə qəbulu kampaniyasından kənarda qalanlar üçün fərdi imtahanlar təşkil etməlidir. Hesab edirəm ki, bunun hansısa formasını tapmaq mümkündür və bu, DİM üçün elə də çətin olmamalıdır”.

Ekspert ikinci alternativ variant kimi həmin abituriyentlər üçün onlayn imtahanların təşkil olunmasını təklif edir. Bu halda həmin abituriyentlərin internetə əlçatanlığının olması əsas şərtdir:

“Nəzərə alsaq ki, Azərbaycanın bölgələrində internetə əlçatanlıq çox aşağıdır, xüsusilə kənd yerlərində evlərdə internet yoxdur, bu, imtahan verən şəxslər üçün müəyyən çətinliklər yarada bilər. Ona görə də həm Təhsil Nazirliyi, həm də Dövlət İmtahan Mərkəzi həmin şıxslərin evində internet olub-olmadığını əvvəlcədən müəyyən etməlidir. Əgər internet yoxdursa, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qarşısında məsələ qaldırılmalıdır. Bu, xeyli mürəkkəb və çox vaxt tələb edən məsələ olduğundan, proses uzana bilər. Odur ki, ən yaxşı variant belə abituriyentlər üçün fərdi qaydada imtahanların təşkili ola bilər”.

 

Hərarəti yüksək olan abituriyentlər üçün də imkan yaradılacaq

Yeri gəlmişkən, DİM dövlət qulluğuna qəbul imtahanlarının müsahibə mərhələsində iştirak edə bilməyən namizədlər üçün belə bir imkan yaradıb. Belə ki, internetə çıxışı olmayan və dövlət qulluğu ilə bağlı onlayn müsahibə mərhələsində iştirak edəcək namizədlər üçün Dövlət İmtahan Mərkəzində xüsusi otaq ayrılması nəzərdə tutulur. Artıq onlayn müsahibələr üzrə proqram təminatı da hazırlanıb. DİM-in Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov bu günlərdə mətbuata açıqlamasında bildirib ki, koronavurusla əlaqədar sosial məsafənin gözlənilməsi, sanitar-gigiyenik tələblərə əməl edilməsi məqsədilə dövlət qulluğuna qəbul üçün bütün imtahanların onlayn qaydada keçirilməsi planlaşdırılır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva isə Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə hərarəti olan abituriyentlərin imtahana buraxılmaması ilə bağlı məsələlərin DİM və Təhsil Nazirliyi tərəfindən həll edilə biləcəyini söyləyib.

DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə isə qəbul imtahanlarına buraxılmayan abituriyentlər üçün ayrıca imtahanların təşkili məsələsini istisna etmir. Onun sözlərinə görə, hələlik həmin abituriyentlərlə bağlı konkret qərar qəbul edilməsə də, onların imtahanda iştirakı təmin olunacaq:

“Həmin abituriyentlərlə əlaqə saxlanılır və onlara növbəti mərhələlərdə imtahanda iştirakının təmin olunacağı barədə məlumat verilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq, Dövlət İmtahan Mərkəzində iş rejimi və imtahanların qrafiki tez-tez dəyişdiyindən, həmin şəxslər üçün imtahanların nə vaxt keçiriləcəyi hələ müəyyənləşməyib. Çox güman ki, müəyyən edilmiş səbəblər üzündən imtahana buraxılmayan abituriyentlər iyul ayında əvvəlki illərin məzunları ilə birgə imtahana buraxılacaqlar”.