İmam Zamanla (ə.f) görüşmək

Allahın adı ilə

“Hər kəs İmam Zamanı (ə.f) görmək iddiasında olsa o yalançı və iftiraçıdır” hədisini nəzərə alsaq İmamı (ə.f) görməyi iddia edənlərin iddiasını necə izah edə bilərsiniz?

Sual verən: Məhəmməd

Cavab:

Salam olsun sizə əziz dost!

Bizim iki növ görüş üslubumuz var. Onlardan biri tamamilə mötəbər və iradsızdır. Digəri isə düzgün deyil. Biz hər ikisini izah edəcəyik inşaallah.

1. İmam Zamanın (ə.f) öz istəyi və məsləhətilə olan görüş

Bu istək görüşən adamda olmur. Belə ki, zaman, məkan, görüşlərin sayının hamısı görüşən şəxsin yox, İmamın (ə.f) əlində olur. Bu cür görüşmələrdə görüşmək istəyən şəxs görüşü öz istəyilə təkrarlaya bilməz. Məsələn deyə bilməz ki, mən filan gün İmamla (ə.f) görüşəcəyəm.

Belə bir görüşmə düzgün və mötəbər bir görüşmədir və bir çox alim və arif bu cür görüşmə prosesinə nail olublar. Onların əhvalatlarını da böyük alimlər, o cümlədən Əllamə Məclisi “Biharul Ənvar”da, Mirzə Nuri  “Nəcmüs Saqib”də, Şeyx Səduq “Kəmalud din”də... nəql etmişlər.

Bu məsələyə də diqqət olunmalıdır ki, bəzi böyük alimlər üçün yaranan bu görüşmələri onlar adətən aşkara çıxarmamışlar və ya bu görüşməni gizlətməyə məmur olmuşlar və hər kəsə də onu açıb deməmişlər.

Şerin məzmunu: Haqq olan sirləri öyrənənlər

                              Ağızlarına möhür vurub tikdilər.

Bu görüşmələr çox zaman ya onlar vəfat edəndən sonra ortaya çıxır ya da onların bu görüşməsini yaxın tələbələri bilir. Amma aydındır ki, İmamla (ə.f) görüşən insan bu mənəvi məsələni hər yerə yayıb maddi məqsədlərə nail olmaq istəsə, o adam yalançılıqda ittiham olunacaqdır.

2. İmamla (ə.f) görüşmək görüşənin öz istəyi ilə həyata keçsin və davamiyyətli olsun

Belə ki, insan nə zaman istəsə İmamla (ə.f) görüşməyə nail olsun. Bu mənada olan görüşmə qəbuledilməzdir. İmam (ə.f) öz kiçik qeybət dövründə sonuncu naibi olan Əli b. Məhəmməd Suməriyə belə bir tovqi (məktub) yazır:

وسياتي شيعتي من يدعي المشاهدة الا فمن ادعي المشاهدة قبل خروج السفياني والصيحة فهو كذاب مفتر ...

الغيبة شيخ طوسي ص395- احتجاج شيخ طبرسي ج 2 ص 297

 

Şiələrin bir çoxu mənimlə görüşdüyünü iddia edirlər. Agah olun! Hər kəs Süfyaninin xürucundan və asimani seyhənin (səsin) gəlməsindən qabaq mənimlə görüşdüyünü iddia etsə, o, yalançı və iftiraçıdır.

 

Şeyx Tusi Qeybət kitabı səh 395, Şeyx Təbərsi Ehticac kitabı c 2 səh 297

 

 

Həzrət (ə.f) bu sərt ibarəni ona görə belə buyurub ki, fırıldaqçılar, hoqqabazlar və yalançıların camaatın dini etiqad və hisslərindən sui istifadə etmələrinin qarşısını alsın və heç kəs görüşmə iddiası edib camaatı azdırmasın. Digər tərəfdən kiçik qeyb dövrünün başa çatması ilə böyük qeyb dövrü başlanır, bununla da İmamla (ə.f) birbaşa əlaqə yolları qeybətin müəyyən məsləhətlərinə görə bağlanır. Belə ki, qeybətin fəlsəfəsi İmamın (ə.f) gizli qalması və əlçatmaz olmasıdır. Əgər hər kəs İmamla (ə.f) əlaqə qura bilsə və bu əlaqə qurmaq məsələsini də hər kəsə yaysa, onda qeybətin fəlsəfəsi aradan gedər.

Həm də İmam (ə.f) bu əmrilə şiələr üçün ümumi bir qanunu bəyan etmişdir. Bu da ondan ibarətdir ki, ilk baxışdan İmamla (ə.f) görüşmək iddiası prinsipi yalandır. Bir şərtlə ki, onun ziddi sabit olmasın. Bu məsələ hilliyyət və təharət prinsipi kimidir. Belə ki, ilk baxışdan bütün əşyalar pak və halaldır. Bu şərtlə ki, onların nəcis və haram olmaları sabit olmasın.

 

Həzrət Vəliyyi Əsr (ə.f) müəssisəsinin şübhələrə cavab təhqiqat qrupu

Tərcümə etdi: Şeyx Fərhad Mirzə