İlqar Məmmədovun məhkəməsi təxirə salındı - Video

İlqar Məmmədovun məhkəməsi təxirə salındı - Video

Fevralın 5-də Ali Məhkəmədə hakim Əhməd Nurməmmədovun sədliyi ilə REAL (Respublikaçı Alternativ) partiyasının sədri İlqar Məmmədovun şərti azadlığa buraxılması barədə Şəki Apellyasiya Məhkəməsinin 13 avqust 2018-ci il tarixli qərarından verilən kassasiya şikayətinə baxılıb.


Məhkəmədə İlqar Məmmədovun özü və vəkili Fuad Ağayev, dövlət ittihamçısı Cövdət Mehrəliyev, eləcə də media,ictimaiyyət, səfirlik nümayəndələri iştirak edirdilər.
Məhkəmə tərkibi iş üzrə zərərçəkmiş qismində tanınan polislərə məhkəmə barədə məlumat verilsə də, gəlmədiklərini və buna görə də kassasiya şikayətinin surətinin onlara çatdırılmadığını deyərək məhkəmənin təxirə salınacağını bildirib.


Vəkil Fuad Ağayev bu əsasla məhkəmənin təxirə salınmasına etiraz edib. Bildirib ki, şikayətə əlavədə yalnız İlqar Məmmədova aid olan cüzi dəqiqləşmə var. Vəkilin sözlərinə görə, bu cinayət işi üzrə məhkəmələr 2013-cü ildən davam edir.


Dövlət ittihamçısı C. Mehrəliyev kassasiya şikayətinə əlavə ilə həm ittiham tərəfi, həm də zərərçəkənlərin tanış olmalı olduqlarını deyərək, prosesin təxirə salınmasını məhkəmədən istəyib.


Məhkəmə tərkibi bu əsasla da növbəti məhkəmənin 28 mart saat 11:00-a qədər təxirə salındığını elan edib.


Qeyd edək ki, İlqar Məmmədov 2013-cü ilin yanvar ayının 23-24-də İsmayıllıda keçirilən etiraz aksiyasında iştirakda ittiham olunaraq Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilib və fevral ayının 4-də həbs edilib. Həmin ilin 5 fevral tarixində onun barəsində Nəsimi rayon məhkəməsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Sonra həbs müddəti daha bir neçə dəfə uzadılıb. 17 mart 2014-cü ildə Şəki Ağır Cinayətlər Məhkəməsi İ. Məmmədovun 7 il azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub. Bu qərardan verilən apellyasiya şikayəti təmin edilməyib. Ali Məhkəmənin Plenumu 29 iyunda İlqar Məmmədov barəsində Ali Məhkəmənin cinayət kollegiyasının və Şəki Apellyasiya Məhkəməsinin qərarlarını ləğv edib. İş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb. 13 avqust 2018-ci ildə Şəki Ağır Cinayətlər Məhkəməsi REAL (Respublikaçı Alternativ) partiyasının sədri İlqar Məmmədova 2 il sınaq müddəti ilə şərti cəza kəsməklə, məhkəmə zalından azadlığa buraxılması ilə bağlı qərar qəbul edib.

Facebook