İlqar Məmmədov: Azərbaycanın öhdəliklərini yerinə yetirməməsi Avropa Şurasında böhran yaradıb

Emin Hüseynov: “Beynəlxalq öhdəliklərini yerinə yetirməyən Azərbaycana qarşı sanksiyalar tətbiq olunmalıdır”

Strasburqda yanvarın 27-də “Avropa Şurasında böhran: Azərbaycanda əbədi siyasi məhbuslar məsələsi” mövzusunda müzakirələr aparılıb.

“Turan” İnformasiya Agentliyinin məlumatına görə, tədbiri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) təşkil edib.

Müzakirələr zamanı Azərbaycanda siyasi məhbuslarla bağlı vəziyyətdən yaxşı məlumatı olan bir qrup ekspert siyasi məhbus və vicdan məhbusları məsələsinə toxunub.

RATİ-nin icraçı direktoru Emin Hüseynov bildirib ki, yeni -yeni insanlar həbs cəzasına məruz qalır və bu dəhşətli proses davam edir.

O, AŞPA-nın siyasi məhbuslarla bağlı islandiyalı deputat Torhildur Sunna Evarsdottirin hazırladığı Azərbaycanda siyasi məhbuslara dair hesabatın əsasında qətnaməni qəbul etməsini vacib sayıb.

AŞPA-da bu məsələnin müzakirəsi yanvarın 30 -da olacaq.

E.Hüseynov AŞPA və digər AŞ institularını fəaliyyət planı hazırlamağa, təşkilat qarşısında beynəlxalq öhdəliklərə əməl etməyən Azərbaycana qarşı sanksiya tətbiq etməyə çağırıb.

Tədbirdə çıxış edən AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Evarsdottir “İlqar Məmmədovun işi”nə xüsusi diqqət yönəldib və deyib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) İ.Məmmədovla bağlı qərarları tam icra olunmayıb.

O qeyd edib ki, hesabatda kəskin tənqidi fikirlər var və bu fikirləri rədd etmək yox, həmin sualları cavablandırmaq lazımdır.

Müzakirələrdə iştirak edən, REAL Partiyasının lideri İlqar Məmmədov qeyd edib ki, Azərbaycanın AİHM-in qərarlarını və təşkilat qarşısındakı öhdəliklərini yerinə yetirməməsi Avropa Şurasında böhran yaradıb.

“Əgər üzv ölkə Avropa Şurası qarşısındakı öhdəliklərini yerinə yetirmirsə bu, həmin ölkənin üzvlüyünün dondurulmasına gətirib çıxarmalıdır. Biz təkcə Avropa Şurasının bürokratiyası ilə yox, digər aparacı üzv ölkələr ilə işləməliyik. Onlara izah etməliyik ki, Avropa Konvensiyası qiymətlidir və ona qarşı hörmətsizlik Avropa Şurasının özünün mövcudluğunu şübhə altına alır”, - İ.Məmmədov deyib.