III Avropa Oyunları 100 milyon dollara başa gələcək

2023-cü ildə Polşanın Krakov şəhəri və Malopolye regionunda keçiriləcək III Avropa Oyunları 400 milyon zlotıya (100 milyon 631 min dollar) başa gələcək.

"Report"un məlumatına görə, bu barədə Krakov meri Yatsek Mayxrovski açıqlama verib.

O bildirib ki, məbləğin hərəyə 100 milyon zlotısını əyalət administrasiyası və Krakov meriyası, 200 milyon zlotısını isə Polşa hökuməti ödəyəcək.

Bəzi ekspertlər və deputatlar tədbirin təşkilindən əl çəkmələri üçün şəhər rəhbərliyinə müraciət ediblər. Hətta bu məsələ ilə bağlı rəsmi təklif də çərşənbə günü səsverməyə çıxarılıb.

Krakov müşavirləri Avropa Oyunlarının təşkilatçılığından imtina edən qətnamə layihəsini rədd edibər.

2021-ci ilin sonunda prezident Andjey Duda Oyunların Krakovda keçirilməsinə icazə verən qanunu imzalayıb. O bildirib ki, Polşaya tanınmış idmançılar gələcək və Oyunlar sayəsində bir çox idman obyekti və kommunikasiya obyektləri müasirləşdiriləcək.

Qeyd edək ki, III Avropa Oyunlarının 9 - 25 iyun 2023-cü ildə təşkili nəzərdə tutulub. I Avropa Oyunları 2015-ci ildə Bakıda, II yarış isə 2019-cu ildə Belarusun paytaxtı Minskdə təşkil olunub.