İctimai fəalın məhkəməsi davam edəcək

Bu gün ictimai fəal Razi Karlar oğlu Hümbətovun növbəti məhkəməsi öz işini davam etdirəcək. Bakı Ağır Cinayətlər Məhkəməsində davam edəcək prosses vəkil və yalnız ailə üzvündən bir nəfərin iştirakı ilə saat 16:30-da keçiriləcək.

Xatırladaq ki, Razi Hümbətov iyulun 7-də Ceyranbatan qəsəbəsində beş-altı mülkigeyimli şəxs tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılmışdı. Onun BMCMİ-də saxlandığını iyulun 9-da məlum olur.

Müsəlman Birliyi Hərəkatı Hümbətovun həbsi ilə bağlı yaydığı bəyanatda onun narkotikdən uzaq biri olduğunu, əksinə, bu problemə qarşı aktiv mübarizə apardığını vurğulayıb. Təşkilat inanclı fəalın həbsini onun sosial şəbəkələrdəki paylaşımları ilə əlaqələndirir. O, həbsindən bir neçə gün əvvəl Facebook hesabından paylaşımında "İlham Əliyev, xalq səni sevmir" yazmışdı.

Hümbətovun ittiham olunduğu CM-in 234.4.3 maddəsində 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın bir sıra fəalları həbsdədir.