İbrahim Rəisi: Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək İranın prinsipial mövqeyidir

 “İran İslam Respublikasının prinsipail mövqeyi budur ki, ölkələrin o cümlədən Azərbaycanın ərazi bütövlüyü və vahidliyini dəstəkləsin.”

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bunu İranın prezidenti İbrahim Rəisi Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayevi qəbul edərkən deyib.

İbrahim Rəisi iki ölkə arasında münasibətlərin mahiyyətindən danışıb və Azərbaycanın İran üçün adi bir qonşu deyil, eyni dinə və qohumluq bağlarına malik olan ölkə olduğunu bildirib.

İran prezidenti deyib ki, İslam Respublikasının prinsipial mövqeyi ölkələrin o cümlədən Azərbaycanın ərazi bütövlyü və vahidliyini dəstəkləməkdir.

“Hansısa bir amilin iki ölkənin səmimi əlaqələrinə zərər vurmasına icazə vermək olmaz. Regionda qonşu ölkələr arasında xüsusilə də İranla Azərbaycan arasında  qarşılıqlı mənafe və konstruktiv münasibətlər əsasənda olan əlaqələr var və bu əlaqələr regionda təhlükəsizliyin təmin edilməsində ən təsirli amildir”, deyə İranın prezidenti əlavə edib ki, ABŞ və İsrail dünya və region ölkələrinə ürəkləri yanmır.

Şahin Mustafayev də öz növbəsində iki ölkə prezidentləri arasında Aşqabadda baş tutan görüşün və burada əldə edilmiş razılaşmaların əlaqələrdə yeni mərhələ olduğunu bildirib və sözügedən razılaşmaların icrasının sürətlənməsini istəyib.

Şahin Mustafayev Türkmənistan qazının İran vasitəsilə “Swap” edilməsi istiqamətində rəsmi Tehranın atdığı addımlardan məmnunluğunu ifadə edib və bu prosesin artırılmasını istəyib. O həmçinin bildirib ki, Azərbaycan Türkmənistan elektrik enerjisinin İran vasitəsilə “Swap” edilməsinin də tərəfdarıdır.