Həzrət Peyğəmbər (s) Allahın ən böyük ayəsidir

Bağışlayan və Mehriban Allahın adı ilə
Həzrət Peyğəmbər (s) haqqında minlərlə yazılar yazılıb. Amma biz başqa aspektdən yanaşmaq istəyirik. Allah Qurani-Kərimdə yaratdığı bir çox məxluqları özünün ayə və nişanəsi hesab edir. Məsələn, Allah göylərin və yerin yaradılmasını, küləyin və buludların hərəkətini, buludlardan tökülən yağışın yerə yağmasını və bu yağışın vasitəsilə yerdən müxtəlif cür meyvə və tərəvəzlərin bitməsini, ayın və günəşin bir-birini əvəz etməsini Öz qüdrət nişanələrindən hesab edir. Lakin Allah-Təala Ənbiya surəsinin 107-ci ayəsində Öz rəsuluna (s) xitabən belə buyurur: Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik. (Sən təkcə insanlara deyil, eyni zamanda cinlərə də peyğəmbər göndərilmisən. Bütün aləmlər əhli, o cümlədən göydəki mələklər, yerdəki insanlar və cinlər sənin vücudunla şərəfə nail olurlar. Sənin sayəndə günahkarlara möhlət verilmiş, hətta səni inkar edənlərin belə cəzası qiyamətə qədər təxirə salınmışdır. Möminlər isə sənə iman gətirməklə dünyada böyük savab qazanıb axirətdə yüksək dərəcələrə, əbədi səadətə nail olacaqlar). 
Yəni sən sadəcə maddi aləmə deyil, bütün aləmlərə - maddi və qeyri-maddi aləmlərə - rəhmətsən. Allah Rəsulunun (s) belə bir əhatəli şəkildə Allah tərəfindən seçilməsi bunu göstərir ki, Peyğəmbər (s) aləmlərdə baş verən bütün ilahi rəhmətin səbəbidir. Buraya həmçinin kiçik bir aləm olan yer kürəsi də daxildir. Yer kürəsində Allahın qüdrət nişanələri olan yaradılış, küləyin və buludların hərəkəti, yağan yağış və bu yağışdan bitən nemətlər, ay və günəşin hərəkəti bu aləmlərin sadəcə kiçik bir zərrəsidir. 
Bütün bunları nəzərə alıb deyə bilərik ki, Allahın yaratdığı zərrələr Allahın ayəsi hesab olunursa, bütün bu aləmlərə rəhmət olan Peyğəmbər (s) isə Allahın ən böyük nişanəsidir. Sadəcə biz bunu dərk etməkdə acizik.

Fərhad Mirzə.