Həyat yoldaşı: Əfqan Muxtarlının səhhəti ağırlaşıb

Hazırda həbsdə olan siyasi məhbus Əfqan Muxtarlının səhhətində problemlər yaranıb. 
 
Bu barədə Toplum TV-ə həyat yoldaşı Leyla Mustafayeva məlumat verib.  
 
Onun sözlərinə görə, Əfqan Muxtarlı gözlərində güclü ağrılar əmələ gəlib: "Əfqan zəng etmişdi həbsxanadan. Dediyinə görə, gözlərində güclü ağrılar əmələ gəlib. Bir də uruloji müayinədən keçməlidir. Penitensiar Xidmət nə ilə məşğuldur? İndiyədək olunan müayinələrin rəsmi nəticələri haqda əlimizdə bir sənəd də yoxdur. Adamın sağlamlığı ilə bağlı xeyli problemləri var. Amma müayinələrin detalları haqqında əlimizdə bir sənəd də yoxdur. Dövlət sirri kimi gizlədirlər”.
 
Leyla Mustafayeva bildirib ki,  Əfqan Muxtarlının şəkəri və təzyiqi var: "Şəkərlə bağlı hələ də Gürcüstandakı həkiminin yazdığı dərmanları qəbul edir. Onun başından bir tük əskik olsa, məsuliyyəti hər şeydən xəbəri olan, özü haqqında "özü yaxşı, ətrafı pis" rəyi yaradan İlham Əliyev daşıyacaq. Oğurlayıb həbs etdiyinizi boynunuza almadınız, amma sağlığından dolayı başına bir iş gəlsə, boynunuzu heç nədən qaçırda bilməyəcəksiniz".
 
Əfqan Muxtarlını mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhəddini qanunsuz keçmək ittihamı ilə 6 il azadlıqdan məhrum edib.