Husilərin Səudiyyə Ərəbistanın cənubuna hücumunda 35 hərbçi ölüb – Mənbə

Husilərin Yəməndən Səudiyyə Ərəbistanın cənubunda yerləşən Cizan əyalətinə hücumu nəticəsində 35 hərbçi ölüb.

SalamNews xəbər verir ki, bu barədə mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələri”nin (husilər) mətbuat katibi Yəhya Səri rəsmi tvitter səhifəsi vasitəsilə bəyanat verib.

Bildirilib ki, cari həftənin ikinci günü beş ədəd ballistik raket və bir neçə PUA ilə Cizan əyalətində Səudiyyə Ərəbistanı Ordusunun bir əməliyyat otağı hədəfə alınıb.

İddia edilib ki, bu hücum nəticəsində 35 zabit və hərbçi ölüb.

Səudiyyə Ərəbistanın rəsmi mənbələri hələ bu məlumatı təsdiqləməyiblər. Qeyd edək ki, son iki gündə Səudiyyə Ərəbistanı Yəmənin paytaxtını şiddətli şəkildə hava zərbələrilə hədəfə almağa başlayıb.