Husilərin dəstəklədiyi ordu Yəməndə böyük hərbi parad keçirib (VİDEO)

Husilərin dəstəklədiyi “Milli Qurtuluş Hökuməti” və ordu Yəmən paytaxtında son illərin ən böyük hərbi paradını keçirib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, “21 Sentyabr İnqilabı” günü münasibətilə Ənsarullah hərəkatının dəstəklədiyi hökumət və ordu paytaxt Sənada misli görünməmiş hərbi parada imza atıb.

Bu paradda çoxsaylı müxtəlif növ PUA-lar, habelə qısa, orta və uzaqmənzilli balistik raketlər nümayiş etdirilib.

Yəmən Ordusunun (Səna) məlumatına görə bu paradda “Bədr-3”, “Hatim”, “Qüds-3”, “Fələq”, “Merac”, “Bəhrul-Əhmər” (Qırmızı dəniz), “Muhit” (Okean), “Kərrar”, “Asif” balistik raketləri ilk dəfə olaraq nümayiş etdirilib.

Bu hərbi paradda çoxsaylı kamikadze PUA-larının nümayişi də diqqət çəkib.

Qeyd edək ki, Yəmənin 13 əyaləti husilərin və onların dəstəklədiyi “Milli Qurtuluş Hökuməti”nin qüvvələrinin nəzarətindədir. Hazırda Yəməndə müvəqqəti atəşkəs hökm sürür. Yəmənin digər əyalətlərini isə Səudiyyə Ərəbistanı hərbi koalisiyasının dəstəklədiyi hökumət, habelə BƏƏ-nin dəstəklədiyi separatçı “Cənubun Keçid Şurası” qüvvələri nəzarətdə saxlayır.