Husilər Yəməndə atəşkəs müddətinin bitdiyini elan ediblər

Husilər irəli sürülən şərtlərə əməl edilmədiyi üçün növbəti dəfə atəşkəs rejiminin müddətini artırmağa razılaşmadıqlarını elan ediblər.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə Yəmənin Ali Siyasi Şurasının (husilər) tanınmış üzvü Məhəmməd Əli əl-Husi tvitter səhifəsində yazıb.

O, bildirib ki, atəşkəsin müddəti üçüncü dəfə artırılmayıb.

Həmçinin mərkəzi qərargahları paytaxt Sənada yerləşən Yəmən Silahlıq Qüvvələrinin mətbuat katibi Yəhya Səri ölkəyə hərbi müdaxilə edən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində olan xarici şirkətləri buranı tərk etməyə çağırıb.

Məlumata görə artıq Yəmənin Təiz əyalətində döyüşlər başlayıb.

Husilərin dəstəklədiyi “Milli Qurtuluş Hökuməti” atəşkəsə getmədiyini səbəbini açıqlayıb. Bildirilib ki, bundan öncəki atəşkəslərdə limanların açılması, hava limanlarından vəd edilmiş uçuşların baş tutmaması, yanacaq tankerlərinin Yəmənə buraxılmasına mane yaratmaq, maaşların ödənilməməsi və sair atəşkəsin uzadılmamasına səbəb olub.