Husilər Mərib əyalətində 600 kvadrat km ərazini nəzarətə götürdüklərini bildiriblər

Husilər Yəmənin Mərib əyalətində irəlilədiklərini bildiriblər.

SalamNews əl-Məsira telekanalına istinadla xəbər verir ki, bu barədə mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələri”nin (husilər) mətbuat katibi Yəhya Səri bəyanat verib.

Bildirilib ki, Mərib əyalətinin inzibati mərkəzinin cənubunda strateji bölgələr nəzarətə keçirilib. Nəzarətə götürülən ərazilərin 600 kvadrat km olduğu deyilir.

Mərib şəhəri artıq bir neçə istiqamətdən husilərin və onlarla müttəfiq olan qüvvələrin mühasirəsinə düşmək üzrədir. Hazırda Yəməndə ən şiddətli döyüşlər bu əyalətdə gedir.

Qeyd edək ki, Yəmənin 13 əyaləti husilərin nəzarətindədir. 2014-cü ildə Yəməndə başlayan daxili qarşıdurma, 2015-ci ildə Səudiyyə Ərəbistanın hərbi müdaxiləsindən sonra daha da şiddətlənib. Səudiyyə Ərəbistanı koalisiyası burada legitimliyi bərpa etmək adı ilə hərbi müdaxiləyə başladığını bildirir.