Hüquqşünas: E-gov.az saytında problemlər var

Hüquqşünas: E-gov.az saytında problemlər var

E-gov.az elektron hökumət saytında problemlər var.
 
Hüquqşünas Ələsgər Məmmədlinin feysbuk hesabında e-gov.az saytı ilə bağlı paylaşımı müzakirə mövzusu olub. Belə ki, hüquqşünas saytda 65 xidməti olan Vergilər Nazirliyinin şəhadətnamə dublikatı verilməsi ilə bağlı xidmətindən istifadə edərkən problemlə üzləşib. 
 
"E-hökumət" layihəsi "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)" əsasən işlənib hazırlanmışdır.
 
Rəsmi saytlarında göstərildiyinə görə, layihənin əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan "məsafəni” azaltmaq, həmçinin bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Amma saytda bəzi xidmətlərdən istifadə edərkən problem yaranır. Xüsusilə Vergilər Nazirliyinin qeydiyyat tələb etməyən xidmətlərində açılan səhifə boş görünür. 
 
Azərbaycan Milli İnternet Forumunun prezidenti Osman Gündüz bu problemin daha çox həmin dövlət qurumunun özü ilə bağlı ola biləcəyini deyib: "Əslində elektron hökumət portalı bir vitrindir. Hökümət qurumları öz xidmətlərini vahid pəncərədən, həmin vitrindən təqdim edirlər. Birmənalı şəkildə bunun kimin problemi olduğunu deməyə ehtiyat edirəm. Yəni gərək bunun monitoringi aparılsın və rəsmi müraciətlər olunsun”. 
 
Osman Gündüzə Toplum.Tv deyib ki, burda günahkar ya dövlət qurumudur, ya da buna baxan cavabdeh qurum, yəni Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir: "Adətən, xidmətlərin keyfiyyəti ilə bağlı adını çəkdiyim dövlət agentliyi hər il monitorinq aparır. Düşünürəm ki, bunu monitorinqin nəticələrində görmək daha doğru olardı. Agentliyin konkret Vergilər Nazirliyi ilə bağlı açıqlanan hesabatları var”. 
   
Osman Gündüz hesab edir ki, agentlik, dövlət qurumlarının xidmətlərinin keyfiyyətinə qarşı münasibəti sərtləşdirməlidir: "Belə ictimai əhəmiyyətli bir qurumda xidmətin işləməməsindən söhbət gedirsə, bu artıq ciddi siqnaldır”.
 
Vergilər Nazirliyinin mətbuat xidmətindən Toplum Tv-ya verilən açıqlamada problemin saytdan istifadə edən şəxsin kompyuterində olduğunu, onların xidmətində heç bir problemin olmadığı deyilib.

Facebook