Hüquq müdafiəçilərinin islamçıların hüquqlarının pozulması ilə bağlı şərhləri

Dekabrın 27-də İnancların Hüquqlarının Müdafiə Mərkəzi 2019-cu ilin yekunlarına dair insan hüquqlarının vəziyyəti ilə bağlı illik hesabatını təqdim edib. Hesabatda dindarlara təzyiq halları əksini tapıb.

Tədbirdə siyasi məhbusların və Nardaran  Gəncə işləri ilə bağlı, habelə "Tərtər işi" ilə bağlı həbs edilənlərin ailə üzvləri iştirak ediblər.

Görüşdə qeyd edilib ki, dindarlar ölkədəki siyasi məhbusların əsas hissəsini təşkil edirlər. 130-dan çox siyasi məhbusdan üçdə ikisi dindarlar, dini fəallar, İslam Partiyasının üzvləridir.

Xüsusi əməliyyat zamanı güc qurumlarının əməkdaşları tərəfindən öldürülən Muraz Rəhimovun anası oğlunun cinayət törətmədiyini, repressiyaların qurbanı olduğunu bildirib. "Oğlum öldürülüb və gizlin dəfn edilibz", deyən qadın oğluna ölümündən sonra bəraət verilməsini tələb edib.

"Tərtər işi" ilə bağlı həbs edilmiş Emin Əliyevin atası Nasir Əliyev oğlunun əsassız olaraq həbs edildiyini və bu işin fiqurantlarına dəhşətli işgəncələr verildiyini bildirib.

"Onların dırnaqlarını çıxarıb elektrik veriblər. Bəzilərinin bütün əl və ayaq dırnaqları çıxarılıb. Armaturu qızdırıb qabırğalarına soxublar. Plastik qabları əridib qaynar şəkildə bədənlərinə töküblər", deyə Əliyev bildirib.

Çıxış edənlər hakimiyyətdən məhbusların hüquqlarının pozulması hallarını araşdırmağı və təqsirkarları cəzalandırmağı tələb ediblər.