Human Rights Watch Tofiq Yaqubluya qarşı zorakılığı pisləyir

Human Rights Watch Yaqubluya qarşı zorakılığı pisləyir

Human Rights Watch beynəlxalq insan haqları təşkilatı müxalifət lideri Tofiq Yaqublunun dekabrın 1-də keçirilmiş aksiyadan sonra polisdə zorakılığa məruz qalmasına dair xəbərlərlə bağlı bəyanat yayıb.

HRW-nin bəyanatında deyilir ki, Yaqublu polisdə döyüldüyünü, bu prosesin videoya çəkildiyini, ondan Azərbaycan rəhbərliyini tənqid etməsini dayandıracağını kameraya deməsinin tələb olunduğunu bildirib.

Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Giorgi Qogiya bununla əlaqədar dekabrın 3-də deyib:

“Azərbaycan hakimiyyəti xalqın dinc etirazlar keçirmək hüququna qarşı açıq qəsdini və fərqli düşüncənin əzişdirilməsi üçün zordan istifadə etdiyini bir daha nümayiş etdirib. Hakimiyyət hüquq-mühafizə orqanının belə rəftarını çevik, tərəfsiz və təfərrüatlı araşdırmalı, pozuntulara görə cavabdehlik daşıyanları məsuliyyətə cəlb etməlidir”.

Bəyanatda daha sonra deyilir ki, Bakının mərkəzi hissələrində etirazlara qəti qadağan qoyulması Azərbaycanın ifadə azadlığı və sərbəst toplaşma hüquqlarına ehtiram edəcəyinə dair beynəlxalq öhdəliklərinin pozulması deməkdir.

Bu da xatırladılır ki, Azərbaycan bir sıra insan haqları müqavilələrinə, o cümlədən Avropa İnsan Haqları Konvensiyasına və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta imza atıb və bununla da sərbəst toplaşma azadlığına hörmət edəcəyinə, polisdə işgəncə və pis rəftarı qadağan edəcəyinə dair öhdəlik götürüb.

Bu da qeyd olunur ki, Azərbaycan hökuməti pozuntulara görə cavabdehlik daşıyanları araşdırmaq və qanunla mühakimə etmək, qurbanlara adekvat təzminat vermək öhdəliyinə malikdir.

Cənab Qogia deyib:

“Yaqublu ilə belə dəhşətli rəftar həm fərdi hüquqlara, həm də sərbəst toplaşma haqqına hücumdur”.