"Human Rights Watch" Bərdəyə kasetli raketlər atıldığını təsdiqlədi

Nüfuzlu "Human Rights Watch" təşkilatı Ermənistan silahlı qüvvələrinin 28 oktyabrda Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiq edib. Bu barədə məlumat 30 oktyabrda təşkilatın rəsmi internet saytında yerləşdirilib.

Təşkilat kasetli bombaların qalıqlarının beynəlxalq və yerli jurnalistlər, o cümlədən sakinlər tərəfindən çəkilən fotolarını analiz edib və bu qənaətə gəlib ki, Bərdədə 21 dinc sakinin öldüyü və onlarla şəxsin yaralandığı hadisədə həqiqətən də qadağan olunmuş silahdan istifadə edilib. Təşkilat kasetli bombaların "Smerç" raket qurğusundan atıldığını da təsdiqləyib.

"Bu amansız silahların beynəlxalq ictimaiyyət tərəfindən qadağan olunması səbəbsiz deyil. Onların şəhərin mərkəzinə atılması, dinc sakinlərə və beynəlxalq hüquqa açıq şəkildə məhəl qoyulmadığını göstərir" - təşkilatın rəsmisi Belkis Ville belə deyib.

Belkis Ville müharibə qanunlarının mülki şəxsləri və mülki infrastrukturu hədəfə almağı qadağan etdiyini xatırladıb və Azərbaycanla Ermənistanı qanunlara riayət etməyə çağırıb və qeyd edib ki:
"Dünya ölkələri Dağlıq Qarabağ münaqişəsi zəminində kasetli bombalardan istifadəni qınamalı və tərəfləri onlardan istifadə etməməyə təhrik etməlidir".