"Həmin hadisə azad fikirli insanların soyqırımı idi"

Nardaran hadisələrində həbs olunaraq, azadlıqdan məhrum edilən Şamil Abdullayev həbsdən yazır:

"26 Noyabr 2015-ci ildə Daxili İşlər Nazirliyinin Nardaran kəndinə etdiyi silahlı basqın nəticəsində 4 günahsız insan qətlə yetirildi, 3 nəfər ömürlük şikəst qaldı, 100-ə yaxın insan 10-20 il müddətinə həbs olundu. Yüzlərlə körpə ata həsrəti çəkməyə məhkum edildi. Bu günahsız insanlara qarşı bu cür cinayəti, vəhşiliyi öz millətinə qarşı törətməyə Azərbaycan hakimiyyətini nə məcbur etdi?! Bu insanları dini radikallar, silahlı quruplaşmanın üzvləri kimi qələmə verməyə çalışsalar da alınmadı. Bütün planları məhkəmə salonlarında alt-üst oldu və xalq əsl həqiqətdən agah oldu. Əsl həqiqət isə budur ki, Azərbaycan hakimiyyəti azad fikirli insanları görmək istəmir, çünki azad fikirli insanları idarə etmək olmur. Həmin insanlar nəyin bahasına olursa olsun haqqı deməyi, zülmə etiraz etməyi özlərinə borc bilirlər. Bu cür azad fikirli insanlar diktator rejimlərin qorxulu röyası olduğu üçün onları zərərsizləşdirməyə çalışırlar.

Hakim rejim məhz buna görə Nardaran kəndini hədəfə aldı. Orada törətdikləri cinayət nəticəsində həlak olan, şikəst qalan, həbs edilən insanların hamısı azad fikirli insanlar idi. Mən həmin qanlı hadisəyə azad fikirli insanların soyqırımı deyərdim. Çünki həmin hadisədən sonra hakimiyyət Azərbaycanın bir çox bölgələrində (Masallı, Lənkaran, Gəncə, Mingəçevir, Bərdə və s.) silsilə həbslər həyata keçirərək yüzlərlə insanı azadlıqdan məhrum etdi. Lakin bütün bunlara baxmayaraq, azad fikirli insanların iradəsini sındıra bilmədilər və bilməyəcəklər də. 

Mən - Nardaran soyqırımının şahidi olan, 3 güllə yarası alaraq sağlamlığını itirən Şamil Abduləliliyev bu azadlıq mübarizəsində xalqımı birgə iradə və fəaliyyət göstərməyə çağırıram. Sözümü Allahın kəlamı ilə bitirmək istəyirəm. Allah Qurani-Kərimdə buyurur: "İradə və fəaliyyət sahibi olan heç bir xalqdan Allah yardımını əsirgəməz". 

Allah yardımcınız olsun.

24.03.2018
Şamil Abduləliyev"