Hizbullah lideri Livanda parlament seçkilərinin nəticələrinə münasibət bildirib

“Bu seçkilərin nəticələrinə əsasən parlamentdə çoxluğu əldə edən yoxdur. Kimsə bunu iddia edə bilməz. Livan üçün belə daha yaxşıdır.”

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bunu Hizbullah hərəkatının lideri Həsən Nəsrullah ötən günkü çıxışında deyib.

Çıxışının bir hissəsində Livanda Parlament seçkilərinin nəticələrinə münasibət bildirən Hizbullah lideri burada heç bir cinahın əksəriyyəti əldə edə bilmədiyini deyib və kimsənin belə bir iddia etmək iqtidarında olmadığını vurğulayıb. O bildirib ki, hərəkat və onun müttəfiqləri bu seçkilərdən güclü çıxıblar.

Həsən Nəsrullah seçkilərə qatılanlar, hərəkata və onunla müttəfiqlərə səs verənlərə təşəkkür edib. O bildirib ki, bu seçkilərdə tərəfdarların aktivliyi müqavimət hərəkatına və onun silahına müsbət rəy deməkdir.

Qeyd edək ki, ötən bazar günü keçirilən seçkilərin nəticələrinə əsasən, Hizbullah və müttəfiqləri öndə getsələr də əksəriyyəti əldə edə bilməyiblər.