Hindistanla Çin sərhədində silahlı toqquşma baş verib

Hindistan və Çin sərhədindəki mübahisəli ərazidə yerləşən Ladakha rayonunda silahlı toqquşma baş verib. Atışma zamanı Hindistan ordusunun komandiri və iki əsgəri həlak olub. Çin Hindistanı sərhəd xəttini keçməkdə ittiham edib. Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsi hind ordusunun iki dəfə sərhədi keçdiyini və bununla da çinli hərbçiləri cavab təhrik etdiyini bildirib.

Silahlı toqquşmadan sonra hər iki tərəfin hərbi strukturlarının nümayəndələri hadisə yerinə gəliblər, hazırda münaqişənin həlli üçün danışıqlar aparılır.

Bu ilin may ayından sözügedən mübahisəli ərazidə silahlı münaqişələrin sayı artmışdı. İyunun 9-da isə Hindistan və Çin qoşunlarını Ladakha rayonundan çıxarmağa başladılar.

Bu gün dünyanın ən sıx əhalisinin yaşadığı iki ölkəni “Makmaqona xətti” adlanan şərti sərhəd ayırır. “Makmaqona xətti” 1914-cü ildə hazırkı sərhədi təklif etmiş Britaniya Hindistanının xarici işlər üzrə katibinin adını daşıyır. Hindistan və Dalay-lama hökuməti (Tibet) bu sərhədi tanısalar da, Çin onu tanımayıb və 1959-cu ildə rəsmi diplomatik nota vasitəsilə bunu bəyan edib. Sonradan dəfələrlə problemin həllinə cəhd edilsə də, heç bir nəticə əldə olunmayıb. Çinlə Hindistanın 1993 və 1996-cı illərdə bağladıqları sazişlər də kağız üzərində qalıb. Sərhədyanı ərazinin iki bölgəsi – Kəşmirin şimal-şərq hissəsi və Arunaçal-Pradeş ştatının şimalı mübahisəli zona hesab edilir.