Həftəsonu karantinlə bağlı rəsmi qərar yoxdur

Azərbaycanda son iki həftə ərzində tətbiq edilən sərt karantin rejiminin bu həftəsonu da reallaşacağı ilə bağlı rəsmi qərar hələ ki, elan edilməyib.

Bu rejim tətbiq edilməyə başlayanda rəsmilər iyun və iyul ayında bu qaydada həftəsonları küçəyə çıxmağa qadağa qoyula biləcəyini açıqlamışdı.

İyunun 6-7-də ölkənin 4 şəhəri və bir rayonunda, iyunun 14-16-da 4 şəhər və 5 rayonda küçəyə çıxmaq qadağan edilmişdi. Həmin zaman virusun 7-14 gün ərzində özünü göstərməyə başlamasını nəzərə alaraq, növbəti həftələrdə virusa yoluxanların sayında azalma olacağı proqnozlaşdırılırdı.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı sonuncu brifinqlərin birində açıqlamışdı ki, iyunun 19-u və 20-si sərt karantin rejiminin tətbiq edilməsi, bazar günü, yəni iyunun 21-də sərbəst hərəkətə icazə verilməsi hökumətə təklif olunub.

Bu arada qeyd edək ki, həftəsonu nəzərdə tutulan küçəyə çıxma qadağası təklifinə görə bu gün gecə saat 12-dən artıq sərt karantin rejimi tətbiq edilməli idi. Lakin bu saata qədər belə bir rəsmi qərarın açıqlanmaması sabah sərt karantin rejiminin elan edilməyəcəyini göstərir.