Həbsdəki icra başçılarının işinə koronavirus mane oldu

Məhkəmə prosesinin vaxtı uzadıldı

Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini olmuş Ramiz Tatarov yanvarın 19-da məhkəmə qarşısına çıxarılmalıydı. Gəncə Ağır Cinayətlər Məhkəməsində keçmiş icra başçısı və müavininin işi üzrə məhkəmənin hazırlıq iclası baş tutmayıb. Səbəb isə pandemiyadır.

“COVİD-19 pandemiyası ilə əlaqədar əvvəl bütün məhkəmə iclasları yanvarın 18-nə qədər təxirə salınmışdı. Ona görə də Nizaməddin Quliyev və Ramiz Tatarovun işi məhkəməyə dekabrda daxil olsa da, hazırlıq iclası 18-dən sonraya – yanvarın 19-na təyin edilmişdi. Ötən həftəsonu isə müddət yanvarın 25-nə qədər uzadıldı. Ona görə də hazırlıq iclası yanvarın 29-na təyin edildi”, - deyə məhkəmədən Meydan TV-yə bildirilib.

Nizaməddin Quliyev və Ramiz Tatarovun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində Məhəmməd Bağırovun sədrlik etdiyi hakimlər kollegiyası baxacaq.

Həbsdə olan məmurlardan Yevlaxın keçmiş icra başçısı Qoca Səmədovun işi də məhkəmədədir. Onun işi üzrə məhkəmənin hazırlıq iclası Şəki Ağır Cinayətlər Məhkəməsində yanvarın 22-nə təyin edilib. Lakin bu iclasın da baş tutmayacağı bildirilir.

Həbsdə olan digər icra başçılarının işi üzrə DTX-nın İstintaq İdarəsində aparılan araşdırmalar isə davam edir.

Azərbaycanda icra başçılarının həbs dalğası ötən ilin dekabrında Qoca Səmədlovla başlayıb. DTX-nın yaydığı açıqlamalarda icra başçılarının bu vəzifədə işlədikləri dövrlərdə rayonlarda tikinti, abadlıq işlərinə büdcədən ayrılmış milyonlarla vəsaiti mənimsədiyi, vətəndaşlardan külli miqdarda rüşvət aldığı iddia olunur.

Qoca Səmədov və ondan sonra həbs olunan Ağstafa, Neftçala, Biləsuvar, İmişli, Kürdəmir və Cəlilabad rayonlarının icra başçılarına qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma, mənimsəmə kimi ittihamlar irəli sürülüb.