Həbsdə olan jurnalistin cinayət işi məhkəməyə göndərildi

“Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aparılmış əməliyyat-istintaq tədbirləri ilə Mahir Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri «azadinfo.az» xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.