Gürcüstanda şəhərlərarası sərnişindaşıma bərpa edilir

"Fevralın 25-dən Gürcüstanda şəhərlərarası sərnişindaşıma bərpa ediləcək".

Fevralın 24-də Gürcüstan Qurumlararası Koordinasiya Şurasının iclasında çıxış edən Baş nazir İrakli Qaribaşvili belə deyib.

O bildirib ki, sabahdan etibarən qış kurort zonalarındakı hotellərin fəaliyyəti də bərpa ediləcək, martın 8-dən isə xizək turizmi obyektləri açılacaq.

"Martın 1-dən məktəbəqədər hazırlıq kurslarının, özəl və ictimai uşaq bağçalarının fəaliyyəti bərpa ediləcək, martın 15-dən isə idman zallarının fəaliyyətinə icazə veriləcək",-deyə Baş nazir əlavə edib.

Baş nazir eyni zamanda hər gün saat 21:00-05:00-da bütün ölkə ərazisində sərbəst hərəkət məhdudiyyətinin tətbiqi ilə bağlı qaydanın qüvvədə qalacağını da qeyd edib.