Gürcüstanda İŞİD-çi “Əmir İsa” ələ keçirildi

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Terrorizmlə Mübarizə Mərkəzinin əməkdaşları Tsiskaru Toxosaşvilini tutublar.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan DTX-dən məlumat verilib.

“Əmir İsa” ləqəbli Toxosaşvili İŞİD terror təşkilatında mühüm simalardan biri hesab olunur.

O, Tbilisi hava limanında saxlanılıb.

Toxosaşvili 2015-ci ildə Gürcüstanı tərk edərək Yaxın Şərqə yollanıb və orada İŞİD terrorçularına qoşulub. O, terror təşkilatının nüfuzlu başçıları ilə yaxın əlaqələrə sahibdir.

“Əmir İsa” İŞİD üzvləri arasında kifayət qədər nüfuzlu fiqur olub. O, Suriya, İraq ərazisindəki və hazırkı terror əməliyyatlarında aktiv şəkildə iştirak edib.

O, bir müddət İŞİD-in münaqişə zonasındakı dəstələrindən birinə başçılıq edib.

Xatırladaq ki, 2019-cu ildə keçirilən birgə əməliyyat nəticəsində Toxosaşvilinin terrorçuluqda ittiham edilən kiçik qardaşı Sezar Toxosaşvili – İŞİD əmiri Əl-Bara Şişani həbs edilib.

Sezar İnterpol tərəfindən axtarışda idi. O, Ukraynada ələ keçirilmişdi. Sezar Ukrayna ərazisinə 2018-ci ildə saxta pasportla gəlmişdi. 2020-ci ilin mayında o, Gürcüstana ekstradisiya edilib və hazırda da burada öz cəzasını çəkməkdədir.