Gürcüstanda hökumət əleyhinə etiraz: Qaribaşvilinin istefası üçün 1 həftə vaxt verdilər

Gürcüstanın paytaxtı Tbilisidə minlərlə insan Avropa İttifaqından (Aİ) “namizəd ölkə statusu” ala bilməyən hökumətə etiraz etmək üçün küçələrə çıxıb.
Operativ.tv CUMHURİYET-ə istinadən xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisidə minlərlə insan hökumətə etiraz etmək üçün küçələrə axışıb.
İyunun 17-də Avropa Komissiyasının Gürcüstana Avropa İttifaqına (Aİ) “namizəd ölkə statusu” verməməsindən sonra ölkədə gərginlik artıb. Paytaxt Tbilisidə minlərlə insan paytaxtın əsas küçəsi Şota Rustavelidə avtomobillərin hərəkətinə mane olub və iyunun 24-də “Avropaya doğru” adı altında hökumətə qarşı analoji etiraz aksiyası təşkil edib.
Hökuməti namizəd ölkə statusu üçün yetərincə iş görməməkdə ittiham edən nümayişçilər hökumətin istefasını tələb edib və baş nazir İrakli Qaribaşvilini “Get, get, get” şüarları ilə istefaya çağırıblar.
Əllərində Avropa İttifaqı və Gürcüstan bayraqları tutan nümayişçilər aksiyanın səhərə qədər davam edəcəyini bildirərkən, parlament və dövlət qurumları ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Müxalifət partiyalarının nümayəndələrinin iştirak etdiyi aksiyada çıxış edən mitinqin təşkilatçılarından Şota Diqmelaşvili iyunun 24-də Qaribaşviliyə istefa vermək üçün bir həftə vaxt verildiyini xatırladaraq, vaxtın saatlar sonra bitəcəyini bildirib.
Diqmelaşvili, "Planımızdakı növbəti addım Hökumət Administrasiyası binasının qarşısına getməkdir, lakin bu indi deyil. Gecələmək üçün burada infrastrukturu təşkil etdik. Bir-birimizi qorumalıyıq" deyib.