Gürcüstan hökuməti jurnalistin ölümünə görə onun özünü ittiham etdi

Gürcüstanın Daxili İşlər Nazirliyi LQBT əleyhdarları tərəfindən döyülən "Pirveli" telekanalının operatoru Lekso Laşkaravanı ölümqabağı spirtli içki içməkdə ittihham edib.

 

Bu barədə "Sputnik Gürcüstan"ın məlumatında bildirilir. 

 

Məlumata görə, güc orqanları 10 iyulda müşahidə kamerasıyla çəkilən kadrları yayımlayıb. Kadrlarda Laşkaravanın evə gedərkən necə səndələdiyi, yıxıldığı və ayağa qalxdığı görünür. DİN iddia edib ki, bu video onun ayıq vəziyyətdə olmadığını göstərir, amma həmçinin qeyd edib ki, son nəticəni ekspertizanın nəticələrindən sonra demək mümkün olacaq. 

 

İyulun 11-də teleoperator öz mənzilində ölü vəziyyətdə tapılıb. Bundan beş gün əvvəl isə o, Tbilisidəki iğtişaşlar zamanı LQBT əleyhdarları tərəfindən döyülmüşdü. Laşkaravanın sifətində sınıqlar yaranmış və ona cərrahiyə əməliyyatı edilmişdi. 

 

Jurnalistin ölümü ilə əlaqədar olaraq "Ölüm həddinə çatdırma" maddəsi ilə cinayət işi açılıb. Laşkaravanın öldüyü məlum olandan sonra Tbilisidə baş nazir İrakli Qaribaşvilinin və hökumətin istefası tələbiylə etiraz aksiyaları başlayıb.