Gürcüstan - Azərbaycan sərhədində insident baş verib

2019-cu ilin dekabr ayının 6-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Şəmkir sərhəd dəstəsinin "Cey­rançöl” adlanan ərazinin yaxınlığındakı sərhəd zastavasının xid­məti ərazisində 1 nəfər çobanın qoyun sürüsü ilə Azərbaycan Respublikasının ərazisinə keçməsi müşahidə olunub.
 
DSX-nın mətbuat xidmətinin verdiyi məlumata görə, sərhəd naryadı tərəfindən qoyun sürüsü ərazidən çıxarılarkən sürünü qoruyan 10-a qədər it sərhəd naryadına hücum edib.
 
Sərhəd naryadı həyatına təhlükə yaran­ması ilə əlaqədar havaya xəbərdarlıq atəşi açıb,  nəticə olmadığına görə itlərə qarşı silah tətbiq edib.
 
Bundan sonra sərhəd naryadı sürünün çobanının öz atının ya­nında yerdə uzanmasını müşahidə edib, ona yaxınlaşdığı zaman isə həmin şəxsin baş nahiyəsində sıyrılmış yaranın olması aşkar olunub. 
 
Sərhəd naryadı tərəfindən dərhal ona ilkin tibbi yardım gös­tə­rilib və yaxınlıqdakı tibb müəssisəsinə təxliyəsi təşkil olunub. Ha­zırda səhhəti qənaətbəxşdir.
 
Həmin şəxsin şəxsiyyəti dəqiqləşdirilib, onun Gür­cüs­tan vətəndaşı, Saqareco rayonunun Ləmbəli kənd sakini 1993-cü il təvəllüdlü Bəşirov Ramin Nizami oğlu olması müəyyənləş­dirilib.
 
Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov əraziyə ezam olunub, sərhəd nümayəndələri səviyyəsində Gürcüstan sərhədçiləri ilə işçi görüş keçiril­ib.
 
Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən müvafiq araşdırma aparılır.