Gəncədə yaralananlardan 10-u məktəblidir

Gəncədə yaralanan 35 nəfərdən 10-u məktəblidir

Təhsil Nazirliyin yaydığı məlumatda deyilir ki, yaralananlardan 2-si ikinci sinif şagirdi, 2-si isə üçüncü sinif şagirdi olub.

Digərləri isə 4, 6, 7, 10 və 11-ci sinif şagirdləridir.

Oktyabrın 11-də gecə saat 2 radələrində Ermənistan silahlı qüvvələri Gəncəni raket atəşinə tutub.

Rəsmi məlumata görə, hadisə zamanı 5-i qadın olmaqla 10 nəfər həlak olub, 35 nəfər yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.

Gəncə şəhərinin yaşayış binasına raket zərbəsi ballistik “Skad” (Scud) raketi ilə endirilib. Bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin icraçı direktoru Qəzənfər Əhmədov oktyabrın 12-də keçirdiyi brifinqdə söyləyib. Qəzənfər Əhmədov Gəncənin sıx yaşayış məntəqəsilə atılan raketin bütün parçalarını toplayıb tədqiq etdikdən sonra belə bir nəticəyə gəldiklərini deyib: “Əvvəlcə “Toçka U” raketi zənn etsək də, bu, “Skad” raketidir”. Onun sözlərinə görə, raketin parçalarının üzərində 8K14 yazısı aşkar edilib, bu da onun növünü müəyyən etməyə imkan verir: “Raketin uçuşməsafəsi 300 kilometrdir”.