Gəncədə qaz sızmasından partlayış olub, ölən var

Fövqəladə Hallar Nazirliyi Gəncədə baş verən partlayışla bağlı məlumat yayıb.

Operativ.tvAPA-nın nazirliyin saytına istinadən xəbərinə görə, Gəncə şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzildə yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Nəticədə mənzilin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 32 m² sahədə və binanın çardağı 25 m² sahədə yanıb. Partlayışın zərbə dalğasının təsirindən mənzilin pəncərə çərçivəsi yerindən çıxıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Rəhimov Yaşar Ziyad oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.