Gəncə hadisələri ilə bağlı həbs edilənlərin yaxınları etiraz edib

Aprelin 22-də Gəncə şəhər İcra Hakimiyyətinin binası qarşısında Gəncə hadisələri ilə bağlı həbs edilən və işgəncələrə məruz qalanların ailə üzvləri və yaxınları etiraz aksiyası keçirib. Aksiya bir saata yaxın davam edib.
 
Etirazçılar keçmiş prezident Heydər Əliyevin və Gəncə hadisələri ilə bağlı həbs edilənlərin, işgəncəyə məruz qalanların fotoları əks olunan portretlər qaldırıb. Həmçinin istintaq zamanı təqdirləndirilən şəxslərə işgəncə verdiyi iddia edilən polis və prokurorluq işçilərinin fotoları nümayiş etdirilib.
 
Heydər Əliyevin portretinin üzərində onun sözlərindən sitat yazılıb. "Dövlət iki halda sarsıla biər: 1. Cinayətkar cəzasız olanda. 2. Günahsıza cəza veriləndə.”
 
Hadisələrlə bağlı həbs edilən və işgəncələrə məruz qaldığı iddia edilən şəxslərin fotoları əks olunan plakatda isə bu sözlər yazılıb: "Gəncə 2018-ci il iyul hadisələrinin günahsız qurbanlarına azadlıq tələb edirik!”
 
Əraziyə polis qüvvəsi yeridilib.
 
Polis vətəndaşlardan aksiyanın qanusnuz olduğunu, ərazini tərk etmələrini xahiş edib. Bu zaman etirazçılar Herdər Əliyevin porterinə müraciət edərək, "Sizin vaxtınızda belə özbaşınalıq olmazdı. Övladlarımız günahsız olaraq həbs edilib. İşgəncəyə məruz qoyulub,” deyiblər
 
Polis mayoru aksiya iştirakçılarına apellyasiya məhkəməsinə şikayət etmələrini məsləhət bilib.
 
"Biz baş verənlərlə bağlı Prezident Administrasiyasında, Baş Prokurorluqda olub, etirazımızı bildirmişik. Nəticəsi yoxdur. Günahsız uşaqlarımıza məhkəmələr 6-10 il həsb verir,” etirazçılardan biri deyib.
 
Digər etirazçı isə bildirib ki, həbs edilən şəxslərin çoxunun təqsiri yoxdur.
 
"Onlar hansısa bir oyunun qurbanı olub. Uşaqlarımız meydana aksiyaya baxmağa, kimin necə çıxış edəcəyinə baxmaq üçün gedib. Hansısa Rəşad Böyükkişiyev adlı bir şəxs çıxdı. Polislərin özləri də qeyd edirlər, hansı ki, meydanda at oynadıb, meydanın o başına gedib, bu başına gedib. Əlində də qılınc. Meydanda o qədər polis var idi, məgər onu görmədilərmi? Onun özü də axtarışda olub. Polis işçilərinin qabaqlayıcı tədbirləri harada idi? Onlar buna niyə yol verdilər? Niyə İlqar Balakişiyev, Səməd Abbasov (hadisələr zamanı öldürülən yüksək vəzifəli polis zabitləridir-red) qətlə yetirilsin, Samir Bayramov yaralansın”, aksiya iştirakçısı qeyd edib.
 
Aksiya iştirakçıları övladlarının və qohumlarının həbs və istintaq zamanı çoxsaylı işgəncələrə məruz qaldığını bildirib.
 
Aksiya insidetsiz başa çatıb.

 

Amerikaninsesi.com