Getdikcə artan çətinliklər

Müsəlman Birliyi Hərəkatının üzvü Abbas Hüseyn həbsxanadan növbəti dəfə məktub ünvanlayıb.

Operativ.tv məktubu olduğu kimi təqdim edir: 

"Çətinliyinin biri bitmədən başqa çətinliyə düşən, probleminin biri həll olmadan digər problemlə qarşılaşan ölkənin xalqıyıq. İllərdir ki, insanların narazılıqlarını eşidib pərişan vəziyyətlərini görsək də, hər dəfəsində nə vaxtsa düzələcəyinə ümid edirik. Uzun iş rejiminin qısalacağı, maaşların artacağı, normal yaşayış üçün yetərli gəlirin olacağı arzusuyla yaşayırıq. Sadaladığım problemlərin heç biri öz həllini tapmadan qiymətlərin qalxması insanların içindəki son ümidi də öldürür. Benzinin, suyun qiymətini il ərzində uzun-uzadı şirin bəhanələr gətirərək qaldırdılar. Ardınca da, ölkədə hər şeyin qiyməti təbii və ya süni formada qalxdı. Bu qiymətlərin artmasının qarşısını almaq üçün indiyə kimi tənzimləyici mexanizm yaradılmayıb. Benzinin, dizelin qiymətini qaldıranların rəyi bu oldu ki, yanacaq 100 %-lİK keyfiyyətə çatdırılacaq. Halbuki bu vədlərin üstündən 9 ay keçməsinə baxmayaraq, ölkə əhalisi ekranlarda yanacağın keyfiyyətsizliyindən şikayət edir. “Yanacağın keyfiyyətlisi olacağı” adı ilə qalxan qiymətlər təkcə avtomobili olanlara deyil, digər ailələrə ziyan vurur. Suyun adı ilə gələn bahalaşmanın zərərini saymaqla bitməz. Etirazlar 1-2 nəfər arasında dərdlərini bölüşmək formasında dilə gətirilsə də, xarici ölkələrdəki etiraz dalğası kimi olmasa da, hər kəs bu vəziyyətin gətirdiyi fəlakətə şahiddir.

Cəmiyyətdə insanları fəsada, cinayətə sürükləyən alkoqollu içkilərin, sağlamlığı məhv edən tütün məmulatların qiymətlərini qaldırıb satışını məhdudlaşdırmaqdansa, suyun qiyməti qaldırılır. Əhalinin həyatı su kimi aydınlıqdan qaranlıq zülmətə sürüklənir.
Yarım ilə yaxındır ki, suyun qiyməti qaldırılsa da, verilən vədlər-suyun fasiləsiz verilməsi, təmizliyi, keyfiyyətli olması kimi məsələlər öz həllini tapmayıb. 21-ci əsrdə yaşamağımıza baxmayaraq, heç paytaxtın özündə, nə də ki ətraf qəsəbələrdə bu günə qədər 100 %-lik su ilə təmin edilmə olmayıb. Su saatlarla, növbələrlə verilir. Rəsmi danışanlar Adolf Hitlerin təbliğat naziri Gebbels kimi “şirin sözlər və yalan vədlərlə” insanların hisləri ilə oynayırlar.
Yaranan problemlərin yanında gələn bahalaşmaların, işsizliyin qarşısı alınmır. Qış başlamadan “qışa hazırıq” deyən qurumlar bir az yağıntı olan kimi yollarda yaranan bərbad vəziyyəti görüb yaranmış problemləri həll etməyib insanların ümidlərini boşa çıxaracaqlar. Bu cür halların şahidi olmuşuq, təəssüf ki, yenə də olacağıq. Artıq insanların yalanlara üsyan edib əsəbləşməmələri mümkün deyil. Dərdlərin bitəcəyi, çətinliklərin həll olacağı ümidi ilə!
Abbas Hüseyn.
8 saylı CÇM".