GAP üzvü həbs olundu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının keçmiş üzvü, Gələcək Azərbaycan Partiyasının hazırki üzvü Ramin Paşayev 22 sentyabr tarixində günorta saatlarında polis tərəfindən saxlanılıb.

Hadisə “Qızıl Gül” restoranında baş verib. Ramin Paşayevin 5 nəfər mülki geyimli şəxs tərəfindən saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinə aparıldığı diqqətə çatdırılır.

İşgəncələrə məruz qalan Ramin Paşayev daha sonra Binəqədi Rayon Məhkəməsinə aparılıb.

Məhkəmədə çıxış edən Ramin Paşayev hadisə zamanı ağır bədən xəsarətləri aldığını və 3 gün müddətində Binəqədi Rayon Polis İdarəsində saxlanıldığını deyib.

“Mənim saxlanılmağım və buraya gətirilməyim siyasəti fəaliyyətimlə bağlıdır. Biz “Qızıl Gül” restoranında bir qrup müxalif insanla toplaşıb Milli Şuranın 23 sentyabr tarixli mitinqində iştirakı müzakirə etmək istəyirdik. Aralarında mülki polislərin də olduğu 5 nəfər mənə hücum etdi və ağır bədən xəsarətləri aldım”, - deyə Ramin Paşayev vurğulayıb.

Ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu və ərazidə heç bir vətəndaşa hücum etmədiyini bildirən Ramin Paşayev vəkil ilə də təmin olunmasını tələb edib.

Bundan əlavə Ramin Paşayev qeyd edib ki, ittihamların qondarma olduğunu anlamaq üçün ərazidəki təhlükəsizlik kameralarına nəzər yetirmək kifayət edir.

Operativ.tv-nin məhkəmə iclasında iştirak edən əməkdaşı xəbər verir ki, hakim Tale Kərimov Ramin Paşayevin 20 gün müddətinə inzibati qaydada azadlıqdan məhrum edilməsi barəsində qərar qəbul edib.

Ramin Paşayev iclasda çıxışı zamanı verilən hökmün qərəzli olduğunu və siyasi sifarişlə yerinə yetirildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Ramin Paşayev may ayının 28-i tarixində də Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edərkən polis tərəfindən hücum məruz qalmış və son nəticədə xəstəxanaya yerləşdirilmişdi.

Xatırladaq ki, Ramin Paşayev uzun illərdir gənc olmasına baxmayaraq Azərbaycanda fəaliyyət göstərən müxalif cəbhədə yer alıb və buna görə də dəfələrlə təzyiqlərlə, təqiblərlə və basqılarla üzləşib.

Onu da diqqətə çatdıraq ki, Azərbaycan hakimiyyəti son illər siyasi fəallara qarşı təzyiqləri daha da artırıb. Artıq yüzdən çox siyasi fəal müxtəlif ittihamlarla uzun müddətli həbs cəzalarına məhkum olunublar.

Avropa İttifaqı Azərbaycandakı həbsləri söz azadlığına, sərbəst toplaşmaq azadlığına, insan haqlarına və beynəlxalq qaydalara zidd adlandırıblar. Dəfələrlə verilən bəyanatlarda Azərbaycan hakimiyyətindən həbsdəki siyasi fəalların qeydsiz və şərtsiz azad edilməsi çağırışı edilib.