Fransalı deputatların Dağlıq Qarabağa səfəri məsələsinə XİN-dən reaksiya

Azərbaycan ərazisinə, o cümlədən, onun Dağlıq Qarabağ bölgəsinə edilən səfərlər Azərbaycan hökuməti ilə razılaşdırılmalıdır. Bunu dekabrın 2-də Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
 
XİN rəsmisi bildirib ki, Azərbaycan Respublikasının onun beynəlxalq tanınmış sərhədləri çərçivəsində suveren ərazisinə edilən səfərlərlə bağlı rəsmi mövqeyi bəllidir:
 
"Bu mövqe dəyişməz olaraq qalır. Azərbaycan ərazisinə, o cümlədən, onun Dağlıq Qarabağ bölgəsinə edilən səfərlər Azərbaycan hökuməti ilə razılaşdırılmalıdır. Azərbaycanın qanunvericiliyini pozan şəxslər müvafiq sanksiyalarla üzləşirlər və onların gələcəkdə Azərbaycan ərazisinə səfərləri məhdudlaşdırılır”.
 
Ermənistan KİV-lərində Fransa Parlamentinin bir qrup üzvünün Ermənistan və Dağlıq Qarabağa səfər edəcəyi, eləcə də, burada görüşlər keçirərək, mövcud humanitar vəziyyəti yerindəcə qiymətləndirməyi planlaşdırdıqlarına dair məlumatlar yayılıb.