Fransa hökuməti "Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımır. TASS agentliyinin noyabrın 26-da yaydığı xəbərə görə, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Senat noyabrın 25-də qətnamə qəbul edib. Qətnamədə öz müstəqilliyini elan etmiş "Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı Fransa hakimiyyətinə çağırış edilib. Səsvermədən əvvəlki müzakirələr zamanı Xarici İşlər Nazirliyinin nümayəndəsi Jan-Batist Lemuan Fransa hökumətinin bu mövzuda mövqeyini xatırladıb – Fransa özünü müstəqil elan etmiş "Dağlıq Qarabağ Respublikası”nı tanımır”, - deyə məlumatda bildirilib.
Jan-Batist Lemuan qətnaməyə baxış zamanı onu da vurğulayıb ki, Fransanın "Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini birtərəfli qaydada tanıması heç kimə fayda verməyəcək, bu, sülh prosesinin irəliləməsinə kömək etməyəcək.
Fransa XİN Senatın qondarma "DQR"-lə bağlı qətnaməsini dəstəkləmədi